Ətraflı Məlumat
Heca vəzni - müəyyən miqdarda hecaya əsaslanan şeir ölçüsü.Heca vəzni həm yazılı, həm də bütövlükdə şifahi xalq şeiri nümunələri üçün məqbul sayılır. Heca vəzni hecaların sayı ilə müəyyənləşir. Yəni şeirin hər misrasında neçə sait səs varsa, bir o qədər də heca vardır. Bəzən heca vəzni "barmaq ölçüsü", "barmaq üsulu", "barmaq vəzni" də adlanır.
Heca vəznində yazılan şeirin birinci misrasında neçə heca varsa, digər misralarda da o qədər heca olur. Heca vəzni Azərbaycan şeirində ən çox işlənən vəzndir. Bu vəzn Azərbaycanla yanaşı bütün türkdilli xalqların, həmçinin italyan, fransız, ispan, yapon, monqol, polyak və s. xalqların ədəbiyyatı üçün də səciyyəvidir. şifahi xalq ədəbiyyatinda nəzmlə olan bütün nümunələri heca vəznindədir. Heca vəzni milli şeir ölçüsüdür.
Əruz (ərəb sözü olub geniş yol, şeir haqqında elm və s. mənalar bildirir) - Uzun və qısa hecaların bir-birini əvəzləməsinə əsaslanan şeir vəzni. Bu şeir ölçüsünü ilk dəfə sistemləşdirib elm şəklinə salan VIII əsrdə yaşamış ərəb musiqişünası və filoloqu şeyx-imam Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsri olmuşdur. O, əruzun 15 bəhrini müəyyənləşdirmişdir.
Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. Əruz vəznində şeirdəki misralarda uzun və qısa hecaların bir-birini izləməsi, ardıcıl şəkildə təkrarı əsas götürülür. Azərbaycan şeirində əruzun 11 bəhrindən istifadə olunmuşdur. Ədəbiyyatımızda ən çox işlənən həzəc, rəməl, xəfif, səri, münsərih bəhrləridir.
Əruz vəzni ərəb ədəbiyyatında yaranmış, daha sonra Şərqə yayılmışdır.
Bu vəzndə misradaxili bölüm təf'ilənin tələbi ilə olur və çox vaxt sözlər parçalanıb müxtəlif bölümlərə daxil olur. Təf'ilənin əsasında "fə'əfə" (yaxud fe'l) sözü durur. "Fə'ələ" kəlməsindən uzun-qısa sözlərin yaranmasıl ilə müxtəlif təf'ilələr meydana gəlir.
Təfilələr isə qəlib əmələ gətirmişdir. Təfilə şeirdə bölümə, qəlib isə misraya bərabərdir. Təfilənin qəlibdə iki,üç yaxud dörd olmaqla iştirakı əruz vəzninin müxtəlif bəhrlərini əmələ gətirir.8-ci əsrdə Xəlil İbn Əhməd bu vəznin 14 bəhrini ədəbiyyata gətirmişdi.Qalan 5 bəhrini isə farslar sonradan gətirmisdi.Azərbaycan ədəbiyyatinda bu bəhrlərdən yalniz 11 bəhrindən istifadə olunur.
Nağıl
Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar, əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn; "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm"
Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv...", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada..." və s.
Nağıllar mövzu və məzmunca üç növə bölünür: sehrli nağıllar, məişət nağılları, Heyvanlar haqqında nağıllar. Lakin bəzən sehrli və heyvanlar haqqındakı nağılları əfsanəvi nağıl altında birləşdirirlər.
SEHRLİ NAĞILLAR
Azərbaycan nağılları içində sehrli nağıllar böyük yer tutur. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehrli papaq, sehrli tütək, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Bu nağıllarda süjet əfsanəvi məkan və zaman daxilində baş verir. Lakin xəyali səltənət və ölkələrlə yanaşı, həqiqi dünya – kəndlər, şəhərlər, təbiət, göllər, meşələr, dağlar əks olunur. Bu nağıllarda sehrli qüvvələr xeyri və şəri təmsil edirlər. Məsələn; Zümrüd quşu, sehrli xalça, sehrli üzük, sehrli papaq və s. əsasən nağıl qəhrəmanına kömək edərək, onu dardan qurtarır. Divlər, əjdəhalar, küpəgirən qarılar isə şər işlərdə iştirak edirlər. "Şahzadə Mütalib" nağılında isə div qəhrəmana kömək edir. Ən məşhur sehrli nağıllardan olan "Məlikməmməd" nağılında sehrli obrazlar sırasında sehrli almalar, zümrüd quşu, Yel atı, ağ qoç, qara qoç və s. vardır. Nağılda işıqlı və qaranlıq dünya təsvir edilmişdir. Xeyirlə şərin mübarizəsi atəşpərəstlik dövrünün xüsusiyyətlərini əks etdirir. Məlikməmməd padşahın kiçik oğludur. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Zümrüd quşunun köməyilə işıqlı dünyaya çıxır.
MƏİŞƏT NAĞILLARI
Məişət nağılları daha çox inandırıcı, real hadisələrdən bəhs edir və ailə-məişətlə bağlı olur. Real qəhrəmanlarla bağlı olan məişət nağılları bu xüsusiyyətlərinə görə realist nağıl da adlanır. Qəhrəman şər qüvvələrlə mübarizədə sehrli qüvvələrin köməyilə deyil, öz diribaşlığı və bacarığı sayəsində qalib çıxır. "Daşdəmirin nağılı" realist nağıllardan hesab edilir, Burada Daşdəmirə sehrli qüvvələr deyil, müəllimi Mirzə Möhsün və padşah qızı Nardam xanım kömək edirlər. Onun silahı biliyidir. Ağıllı və qorxmaz Daşdəmir bağban oğlu olsa da, əsərin sonunda zülmkar adamlara qalib gəlir.
HEYVAN NAĞILLARI
Bu nağıllar folklorun qədim nümunələrindəndir və heyvanlar aləmindən bəhs edir. Belə nağılların qəhrəmanları ayı, qurd, şir, dovşan, tülkü, at, it, qoyun və digər heyvanlar və quşlar olurlar. "Tülkü ilə qurd", "Tülkü ilə canavar", "Şəngülüm, Şüngülüm və Məngülüm" və s. örnəkləri vardır.
Tapmaca
Tapmacalar insanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədilə yaradılan janrdır. Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir, onun tapılması qarşı tərəfdən tələb olunur. Nəsrlə olan tapmacalar da var. "Mən getdikcə o da gedir" (kölgə), "Ağac başında al yanaqlı qız" (alma), "Qara toyuq qapıda yatar" (süpürgə), "Ağac başında unlu dağarcıq" (iydə) və s.
Tapmacalar daha çox nəzmlə olur. Məsələn;
O yanı çəpər,
Bu yanı çəpər
İçində atlı çapar. (göz)
Bir balaca mil başı,
Yandırdı dağı-daşı (kibrit)
Dəyirmana dən gəldi,
Durun görün kim gəldi.
Toxunmamış çuvalda
Üyünməmiş un gəldi. (iydə)
Sonuncu nümunədən aydın olur ki, tapmacaların müəyyən qismi bayatı şəklindədir.
Bəzən tapmacalar atalar sözlərinin də yerində işlənir. Məsələn; "Hamını bəzər, özü lüt gəzər", "Bir balaca boyu var, dam dolusu toyu var" və s.
Tapmacalar qədim və orta əsrlərdə maraqlı bir əyləncə vasitəsi də olmuşdur.
Layla
Ananın və ya nənənin körpə uşağı yatırmaq üçün beşik başında oxuduğu nəğməyə layla deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqarət hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn:
Layla beşiyim, layla,
Evim, eşiyim, layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin layla.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Laylalarda uşağın tez böyüməsi və xoşbəxt olması fikri əks olunur. Laylalar bəzən nəsrlə də söylənilir: "Balamın atası gəlsin, onu alıb oyatsın" və s.
Bayatı
Azərbaycan lirik xalq şeir janrı. Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. Yeddiheçalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarənkdir. Bayatılarda xalqın kədəri, içtimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir.
Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür. Sarı Aşıqın bayatıları məşhurdur. Bayatı janrından klassik və müasir yazılı ədəbiyyatda da istifadə edilmişdir. Bir sıra türkdilli xalqlarda da bayatıya uyğun şeirr formaları mövcuddur. Buna İraqda xoyratları misal göstərmək olar. Bayatılar forma və məzmunça müəyyən mənada, çastuşkalara yaxındır.
Bayatı həm də Azərbaycan lirik xalq mahnı janrıdır. Həzin melodiya və havalara da bayatı deyilir. Bəzi muğam adları (Bayatı Şiraz, Bayatı-kürd, Bayatı-qacar və s) bayatı sözü ilə bağlıdır .
Bayatı folklorun ən geniş yayılmış janrlarındandır. Bayatıların çoxu məzmunca qəmli, kədərli və həzin olur. Qürbət sıxıntısı, ayrılıq, Vətən məhəbbəti ilə bağlı bayatılar daha çoxdur. Məsələn:
Əziziyəm, dilən gəz,
Bağda gülü dilən gəz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.
Məhəbbət mövzusunda olan və ictimai məzmunlu bayatılar da var. Bayatı dörd misradan və hər misrası yeddi hecadan ibarət şeir şəklidir: birinci, ikinci və dördüncü misralar qafiyələnir, üçüncü misra isə sərbəst olur. I və II misralar giriş xarakteri daşıyır, əsas fikir son iki misrada söylənilir. Bayatının qafiyə quruluşu bu şəkildədir: aaba. Bayatıların ilk misraları, bir qayda olaraq, "Mən aşiq", "Mən aşiqəm", "Əzizinəm", "Eləmi" sözləri ilə başlanır.
Əzizim el yoludu,
Bu gələn el yoludu.
Başımda bulud oynar,
Gözlərim sel yoludu.
Mən aşiq sini, sini,
Doldur iç sini, sini.
Mənə öz yarım gərək,
Nəylirəm özgəsini?
Eləmi yada məni
Satdılar yada məni
Kimim, kimsənəm yox,
Bir salsın yada məni
Bayatıların bir növü cinas bayatılardır. Belə bayatıların qafiyələri cinas sözlər üzərində qurulur. Məsələn;
Əzizim yasəməni,
Dərmişəm yasəməni.
Getdin, arxaya baxdın,
Batırdın yasa məni
Burada "yasəməni" və "yasa məni" sözləri cinasdır. Birinci mənada gül, ikincidə isə qəm, kədər məzmunundadır. Yaxud:
Ordubada,
Yol gedir Ordubada,
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada.
Bayatı janrından yazılı ədəbiyyatda da istifadə olunmuşdur. Xətai və Əmaninin yaradıcılığında bayatılar diqqəti cəlb edir. XXII əsr müəllifi Sarı Aşığın bayatıları xüsusilə məşhurdur.